Azərbaycan sərhədçiləri 2019-cu ilin əvvəlindən 2 240,973 kq-a yaxın narkotik vasitə müsadirə ediblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev məlumat verib.
«2019-cu ildə 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb”, - deyə o, Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirib.
E.Quliyevin sözlərinə görə, 2019-cu ildə 96 milyon 376 min manatdəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb.
479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
O vurğulayıb ki, mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.*
X.Nəsirzadə