Türkiyənin “Tekfen” şirkəti “SOCAR Polymer” şirkətinin 10% səhmini aldı. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
Saziş dekabrın 13-də Bakıda imzalanıb. Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənov və “Tekfen Holding” idarə heyətinin sədri Murat Gigin imzalayıblar.
Sənədə əsasən, “Tekfen” səhmlərin 5%-ni SOCAR-dan və 5%-ni “Paşa Holding”dən alıb. Sazuişin dəyəri barədə məlumat verilmir.
2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında layihə gücü ildə 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodu işə salınıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Zavodların tikintisi layihələrinə ümumi investisiya qoyuluşları $816 mln. təşkil edəcək. İnvestisiyaların 60%-i Rusiyanın “Qazprombank”, qalan hissəsi – 40%-i isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “PAŞA Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
“SOCAR Polymer” şirkətinin Sumqayıtda yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının fəaliyyətindən $6,6 mlrd. məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 mlrd. təşkil edəcək.
SOCAR “SOCAR-Polymer” MMC-nin zavodarının tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Yeni saziş nəzərə alınmaqla, şirkətin kapitaında SOCAR-ın payı 47,2% təşkil edir. "Vitol Black Sea V.L.L” (19%), “Tekfen” (10%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.**
B.Rüstəmbəyov