Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri açır. Bu barədə DAXN-dan məlumat verilir.
“Dekabrın 17-dən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir. Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə hərəkət trayektoriyasının uzunluğu 363 km-dir”, - məlumatda deyilir.
"Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı kəndidir. Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 247 km-dir.
"Gəncə-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yola düşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km-dir.
Hazırda Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.
Xəbər verildiyi kimi, Lələ Təpə yüksəkliyinin işğal altında olması səbəbindən Cocuq Mərcanlı kəndində yaşayış təmin olunmamışdı. Cocuq Mərcanlı kəndi Lələ Təpədən istənilən an vurula bilərdi. 2016-cı ilin aprelində Lələ Təpə Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra o kənddə yaşamaq imkanı yarandı, təhlükə sovuşdu. **
N.Abbasova