«SOCAR-Petrofac» BP-nin Azərbaycan və Gürcüstandakı layihələrinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb. Bu barədə “Petrofac” şirkətinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
““SOCAR-Petrofac” BP-nin Azərbaycan və Gürcüstanda həyata keçirdiyi əməliyyatlara dəstək üçün layihələrin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb. Müqavilə 3 il müddətinə bağlanılıb və “Azəri-Çıraq-Günəşli” blokunun, “Şahdəniz” yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənubi Qafqaz Qaz Boru Kəməri və Bakı-Supsa neft kəməri layihələri çərçivəsində BP-nin həm dəniz, həm də quruda olan fəaliyyətini əhatə edəcək”, - deyə məlumatda qeyd olunur.
"Biz bölgədə əsas tərəfdaşımız SOCAR ilə fəaliyyətimizi genişləndirməyə davam edirik. Əvvəllər biz BP ilə regionda işləmişik, yaxşı mövqelərimiz var və BP-nin Azərbaycan və Gürcüstandakı əhəmiyyətli layihələrinin həyata keçirilməsinə təhlükəsiz, etibarlı və effektiv dəstək verməyə hazırıq", - deyə “Petrofac EPS East”in idarəedici direktoru Mani Racapati qeyd edib.
“Biz “Petrofac” ilə uğurlu tərəfdaşlıq qurmuşuq. “SOCAR-Petrofac” birgə müəssisəsi təcrübəmizi, biliklərimizi və imkanlarımızın dərinliyini birləşdirir”, - deyə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.*
N.Abbasova