Ağsu Rayon İcra Hakimiyyəti 2019-cu ilin fevral ayında zəlzələ nəticəsində ziyan çəkmiş yaşayış evlərində təmir işlərinin həyata keçirilməsi üçün podratçı şirkətləri müəyyən edib.
www.tender.gov.az saytının məlumatına əsasən, "TALEH TT" MMC ilə təmir işlərinin icrasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 1 milyon 304 min manatdır.
Bundan əlavə, Ağsu Rayon İcra Hakimiyyəti analoji işlərə "Dərələyaz - 1" MMC-ni cəlb edib. İmzalanan müqavilənin dəyəri 1 milyon 696 min manatdır.
Xəbər verildiyi kimi, 15 noyabr 2019-cu il tarixində Azərbaycan prezidenti İlham Əliyev cümə günü Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ağsu Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.
2019-cu il fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələnin gücü 6 bal təşkil edib. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub. Zəlzələ nəticəsində vətəndaşlarn evlərinə ziyan dəyib. **
X.Nəsirzadə