2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 39,988 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 76% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 36,061 min ədəd avtomobil (artım 76,5%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 3,261 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 68,3%) və 172 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 53,6%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 494 ədəd (artım 2,1 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov