Bakı və Moskva ikitərəfli ticarət dövriyyəsini artırmaq üçün iqtisadi əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“2019-cu il Rusiya-Azərbaycan münasibətləri üçün çox məhsuldar oldu. İki ölkə arasında münasibətlər son dərəcə inkişaf edir. Əməkdaşlığımızın inkişafında prezidentlər Vladimir Putin və İlham Əliyev, onlar arasında mövcud olan və dövlətlərarası münasibətlərin necə inkişaf etməli olmasını əks etdirən dostluq əlaqələri və ünsiyyət rəhbər rol oynayır. Siyasi münasibətlər və zirvə görüşlərindən əlavə, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafını da qeyd etmək istərdim", - deyə M.Boçarnikov "Moskva-Bakı" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ikitərəfli hökumətlərarası komissiyanın işi ilə istiqamətləndirilən iqtisadi əlaqələr olduqca fəal inkişaf edir və ən başlıcası, gələcəyə yönəlib. “Ölkələrimiz arasında iqtisadiyyatın əsas sahələrində əməkdaşlıqla bağlı fəaliyyət planı mövcuddur. Onlar artıq altı “yol xəritəsi”ndən ibarətdir. Biz Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə səylər göstərməyə, qeyri-neft sektorunun ikitərəfli münasibətlərimizdə daha da mühüm yer tutmasına kömək etməyə, Azərbaycan üzrə ÜDM-nin artmasına çalışırıq və bunun üçün istehsal sahəsində bəzi layihələr həyata keçirilir", - deyə səfir vurğulayıb.*
N.Abbasova