“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 8 blokunda əsaslı təmir işlərini davam etdirməyi planlaşdırır. Bunu Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
“8 blokdan 5-də təmir işləri artıq başa çatıb. Qalan 3 blok da təmir olunacaq”, - B.Rzayev bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bildirib.
B.Rzayev vurğulayıb ki, bu işlər çərçivəsində 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80%-dən çoxu icra olunub.” Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək”, - o əlavə edib.
Rzayev vurğulayıb ki, artıq 200 meqavatı bərpa olunub. “Biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox”, - o bildirib.
Həyata keçirilən işlər “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsidir. Reabilitasiya proqramı həyata keçirilir. Proqramın dəyəri 560 mln. manatdır. Ötən il “Azərenerji” bu məqsədlərə 251,5 mln. manat (cari məzənnə ilə $147,9 mln.) yönəldib.
“Azərbaycan” İES 8 enerji blokundan ibarətdir və Cənubi Qafqaz regionunda ən iri elektrik stansiyasıdır. Stansiya Azərbaycanın elektrik enerjisinə olan daxili tələbatın 43%-ni təmin edir. Tikinti və yenidənqurma işləri nəticəcində elektrik stansiyasının gücü 380 MVt – 2 min MV-t-a qədər artacaq Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova