“Azərenerji” ASC 2020-ci ildə 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının tikintisinə başlamağı planlaşdırır. Bu barədə cəmiyyətin prezidenti Baba Rzayev məlumat verib.
“84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanıb, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub. Gələn il işlərə başlaya biləcəyik”, - deyə o, dekabrın 16-da prezident İlham Əliyevlə görüşdə bildirib.
B.Rzayev qeyd edib ki, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. “2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir”, - deyə cəmiyyətin prezidenti əlavə edib.
50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkı 2018-ci ildə Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisində istismara verilib. Hazırda stansiyada 20 külək turbini tam gücü ilə işləyir. Parkın ümumi ərazisi 540 hektardır.Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi, eləcə dəstansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb.*
N.Abbasova