“Azərbaycan” dəmiryol-avtomobil-sərnişin bərəsinin 2020-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev deyib.
““Azərbaycan” bərəsi gələn ilin may ayında tam istifadəyə veriləcək. Gəmi Azərbaycandan keçməklə Xəzər dənizi hövzəsində tranzit daşımalarında istifadə ediləcək”, - Vəiyev AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, gəminin xüsusiyyətlərindən biri yük avtomobilləri, sərnişin və dəmir yolu vaqonlarının eyni zamanda daşınması imkanıdır.
Vəliyevin məlumatına görə, gəmi Azərbaycan mütəxəssiləri ilə birgə Ukraynanın “Dəniz Mühəndisliyi Bürosu” tərəfindən layihələndirilib.
Öncə DMB-dən bildirilib ki, “Azərbaycan” dəmiryol-avtomobil-sərnişin bərəsinin cari ilin sonunda istifadəyə verilməsi planlaşdırır.
CNF18C layihəsi çərçivəsində “Azərbaycan” gəmisinin təməli 2017-ci il dekabr ayının 9-da «Baku Shipyard» Bakı Gəmiqayırma Zavodunda qoyulub. 2019-cu il dekabrın 13-də gəmi suya salınıb.
Xəbər verildiyi kimi, AXDG və Bakı Gəmiqayırma Zavodu (“Baku Shipyard”) 2016-cı ilin oktyabr ayında “Ro-Pax” tipli 2 bərənin (“Azərbaycan” və “Akademik Zərifə Əliyeva” - İF) tikintisi haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 132 mln. manatdır.
Dedveyti 5,54 min ton olan gəmilər göyərtəyə 56 dəmir yolu sisterni, 46 yarım vaqon (13,9 metrlik) və ya 44 yük vaqonu (14,7 metrlik) götürə bilər. Gəmilərin quruluşu, həmçinin 50 təkərli yük maşınının (TIR-trak) daşınmasına imkan yaradır, göyərtə hissəsinə isə 100 sərnişin yerləşir.
2016-cı ilin dekabr ayında ASCO və DMB “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nu təsis edib. Büronun məqsədi layihə-konstruksiya, mühəndis-konstruksiya və dəniz nəqliyyatı sahəsində digər mühəndis işlərinin həyata keçirilməsidir.
Prezident İlham Əliyev 2013-cü il oktyabr ayının 22-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.**
N.Abbasova