Ukrayna Azərbaycanla kənd təsərrüfatı, energetika, turizm və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Prezident İlham Əliyevlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir”, - deyə V.Zelenski bu gün Bakıda prezident İ.Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, ikitərəfli gündəlik kifayət qədər genişdir və Zelenskinin səfərinin çox gözəl nəticələri olacaq. “Bir sıra məsələləri, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyatla bağlı məsələləri müzakirə etdik. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə müsbət təsir göstərəcək”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Ukrayna ilə münasibətlərə böyük diqqət ayırır.
Zelenski Əliyevi Ukraynaya səfərə dəvət edib. O, həmçinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. “Biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”, - deyə Ukrayna prezidenti bildirib.*
A.Əzizov