Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə 2020-ci ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Bu barədə prezident İlham Əliyev məlumat verib.
“Bu gün biz qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə etdik. Bu il dövriyyə 20% artıb, lakin mütləq rəqəmlər bizi qane etmir. Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq”, - deyə İ.Əliyev və Ukrayna prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Öz növbəsində, Zelenski qeyd edib ki, ikitərəfli Hökumətlərarası Komissiyanın iclası yanvarın sonunadək Kiyev şəhərində keçiriləcək.
İ.Əliyev əlavə edib ki, Zelenski ilə qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə edib. “Konkret təkliflər var. Bu təkliflər həyatda öz əksini tapa bilər”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
O deyib ki, Azərbaycan Ukraynadan kənd təsərrüfatı texnikasının alınmasında, turizm və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının sonuncu iclası 2016-cı ilin iyul ayında Bakıda keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycan Ukraynaya $334 mln. (bu dövrdə bütün ixracın 1,83%-i), Ukrayna isə Azərbaycana $429,9 mln. dəyərində (xüsusi çəki 3,47%) mal ixrac edib.*
A.Əzizov