Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib. Onlardan 155 nəfəri imza vərəqələrini artıq götürüb”, - deyə o, MSK-nın bu gün keçirilən iclasında bildirib.
Bütövlükdə, Azərbaycanda 9 siyasi partiya seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat fevralın 8-də dayandırılacaq.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.*
X.Nəsirzadə