2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 956,9 milyon manat və ya hesabat dövründə ÜDM-nin 1,3%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 21 milyard 132,2 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,6%), xərcləri 20 milyard 175,3 milyon manat (artım 2,6%) təşkil edib.
Yanvar-noyabr aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 72 milyard 852,2 milyon manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 milyard 168 milyon manat, xərcləri üzrə 25 milyard 190 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 milyard 22 milyon manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov