2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7 milyard 362,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 7,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 milyard 731,1 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 631,3 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 11,3% artıb.
Yanvar-noyabr aylarında respublikada 476,6 min ton ət (artım 2,1%), 1 milyon 938,7 min ton süd (artım 2,1%), 1 milyard 669,9 milyon ədəd yumurta (artım 8,8%), 15,9 min ton yun (artım 1,5%), 643,7 ton barama (artım 25,3%) istehsal edilib.
Hesabat dövründə ölkədə kənd təsərrüfatı bitkilərin yığımı davam edib. Belə ki, dekabrın 1-nə 3,512 milyon ton dənlilər və dənli paxlalı bitkilər (artım 6,9%), 993,8 min ton kartof (artım 11,7%), 1 milyon 637,6 min ton tərəvəz (artım 13,2%), 447,6 min ton bostan məhsulları (artım 11,5%), 1 milyon 75,8 min ton meyvə və giləmeyvə (artım 7,8%), 194,1 min ton üzüm (artım 25,4%), 911,3 ton çay (artım 4,9%), 34,5 min ton günəbaxan (artım 42,6%), 5,9 min ton tütün (artım 3,5%), 236,4 min ton şəkər çuğunduru (azalma 16,8%), 292,5 min ton pambıq (artım 32,7%) yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.**
X.Nəsirzadə