Rusiya və Belarusun Azərbaycana silah tədarük etməsi regionda vəziyyətin pozulmasına yönəlməyib. Bunu çərşənbə günü Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev deyib.
“Nəinki Dağlıq Qarabağ, istənilən münaqişədə disbalans sabit vəziyyəti pozur. Bu zaman tərəflərin birində hərbi münaqişədə qələbə çalacağı ilə bağlı ya real imkan, ya da illüziya meydana gəlir. Biz Ermənistan və Azərbaycanla müxtəlif şərlətrlə hərbi-texniki sahədə əməkdaşlıq edirik. Ermənistan KTMT üzrə tərəfdaş və müttəfiqdir, Azərbaycanla bu cür münasibətlər yoxdur”, - Kosaçev Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyası ilə birgə iclasın yekunlarına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya və Belarus tərəfindən Azərbaycanla hərbi-texniki əməkdaşlıqdan imtina Qarabağ nizamlanması üçün iki təhlükəli və arzuolunmaz nəticələrə səbəb ola bilərdi.
“Birincisi, bu, Azərbaycan üçün həmin silahların yeni tədarükçüsünün meydana gəlməsidir. Bu halda həmin silahlar biri biri ilə rəqabətə girəcək. Müxtəlif hərbi blokları təmsil edən hərbçilərin özlərini necə apardıqları bizə məlumdur. Onlar hər zaman kimin daha güclü olduğunu nümayiş etdirmək istəyirlər, bu isə partlayış təhlükəsini artırır. Yaxud, ikinci variant kimi, mövcud olan və birbaşa hərbi əməliyyatların bərpa olunmayacağının ciddi qarantı olan balansın pozulmasıdır”, - Kosaçev bəyan edib.
Rusiyalı senator qeyd edib ki, açıq hərbi münaqişə Qarabağda vəziyyəti əvvəlki dövrlərə qaytarardı və münaqişəni aradan qaldırmaq üzrə bütün səyləri, həmçinin Rusiyanın səylərini sıfıra endirərdi.
“Biz bunu heç istəməzdik”, - Kosaçev deyib. **