“BP-Azerbaijan” şirkəti 2020-ci ildə biri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda, biri isə “Şahdəniz” yatağında olmaqla iki platformanı profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırır. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Biz gələn il “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “Çıraq” və “Şahdəniz” yatağında “Alfa” platformalarını profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırırıq. Bu, 2020-ci ilin ikinci yarısı üçün nəzərdə tutulub”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.
Hazırda AÇG blokunda neft hasilatı 6, “Şahdəniz” qaz yatağında hasilat isə 2 platformadan həyata keçirilir.
Onun sözlərinə görə, hər iki platformada profilaktik işlərin aparılma müddəti daha sonra müəyyən ediləcək və görüləcək işlərin həcmindən asılı olacaq. "Sadə versiya daha az vaxt aparacaq, çünki yalnız təftişin aparılmasını nəzərdə tutur. İkinci variantda müəyyən əsaslı təmir işləri nəzərdə tutulur. Seçiləcək variantdan asılı olaraq platformalarda iş daha az və ya çox müddətə dayandırıla bilər", – deyə o əlavə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova