Nazirlər Kabineti aqrar sığorta predmeti olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siyahısını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, aqrar sığortanın predmetinə aşağıdakılar daxildir: kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq.
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə aqrar sığortanın predmetinə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, akvakultura məhsulu üzrə: balıqlar daxildir.
“Gələn ildən etibarən aqrar sığorta sistemi çərçivəsində bu məhsulların sığorta tariflərinin 50%-i Aqrar Sığorta Fondu, yəni dövlət tərəfindən ödəniləcək”, - deyə Nazirlər Kabinetindən qeyd ediblər.
Bütövlükdə, aqrar sığorta sisteminin inkişafı investisiya risklərinin azalmasına, fermerlərə dəstəyin gücləndirilməsinə, bu məhsulların istehsalının artırılmasına imkan verəcək, məşğulluğa, sözügedən məhsulların qiymətlərinə müsbət təsir göstərəcək və sığorta sektorunun inkişafına töhfə verəcək.
Aqrar Sığorta Fondu 2020-ci ilin II yarısında fəaliyyətə başlayacaq. İlkin mərhələdə fondun nizamnamə kapitalı 1 milyon manat təşkil edəcək, 2022-ci ilə qədər isə mərhələli şəkildə 9 milyon manata çatacaq.*
Ə.Məmmədov