"VTB Bank (Azerbaijan)” ASC 2020-ci ildə nizamnamə kapitalını artırmağı planlaşdırır. Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
Onun sözlərinə görə, cari il ərzində bankın mənfəəti bu məqsədlərə yönəldiləcək.
“Bankın maliyyə göstəriciləri bizi sevindirir. Üçüncü rübü mənfəətlə başa vurduq və düşünürük ki, ilin sonuna bankın mənfəəti 6 milyon manat təşkil edəcək. Ilin yekunları üzrə bank dividendlərin ödənilməsi planı olmaması səbəbindən, çox güman ki, bu vəsait kapitalın artırılmasına yönəldiləcək”, - Kirin cümə axşamı mətbuat konfransında bildirib.
O vurğulayıb ki, nizamnamə kapitalının artırılması banka, ilk növbədə kreditləşdirmə üzrə imkanları genişləndirməyə imkan yaradacaq. “Bu, həm də kumulyasiya effekti daşıyır. Buna görə bu addım həım bank, həm də ölkə iqtisadiyyatı üçün faydalıdır”, - Kirin əlavə edib.
Onun sözlərinə görə, səhmdarlar tərəfindən kapitala əlavə daxilolmalar planlaşdırmırlar.
2019-cu il sentyabrın 30-na bankın nizamnamə kapitalı 315,815 milyon manata bərabərdir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99%-i “VTB Bank” ASC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov