2019-cu ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 43 milyon 110 min ton təşkil edib ki, bu da 2018-cı ilin analoji dövrünün göstəricisindən 0,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 10 milyon 937,6 min ton yük və ya bütün yükdaşımaların 25,4%-i dəmir yolu nəqliyyatı (2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 5,6% - İF), 28 milyon 119,2 min tonu və ya 65,2%-i avtomobil nəqliyyatı (artım 2,9%), 4 milyon 53,2 min tonu və ya 9,4%-i dəniz nəqliyyatının (azalma 28,7%) payına düşüb.
10 ay ərzində dəhlizlə daşınan tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 15,4%-ni və ya 6 milyon 618,1 min ton (azalma 14,8% - İF) təşkil edib.
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 673,9 min ton yük, o cümlədən 9 milyon 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova