Azərbaycan 2020-ci il aprelin 1-dən “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını tətbiq edəcək.
“Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını (“Lansarote Konvensiyası”) ratifikasiya edən 46-cı ölkə oldu. Bu gün Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov Konvensiyanın təsdiq edilməsi haqqında ratifikasiya sənədinin əslini təşkilatın baş katibinin müavini Qabriella Battaini-Draqoniyə təqdim edib. Konvensiya 2020-ci il aprelin 1-də Azərbaycanda qüvvəyə minəcək”, - AŞ-nin saytında məlumat verilir.
“Əfsuslar olsun ki, Avropada geniş yayılmış uşaqlara qarşı cinsi zorakılıq ən ağır cinayət növüdür. Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini alqışlayıram və digər dövlətləri bu prosesə qoşulmağa çağırıram”, - Q.Battaini-Draqoni bildirib.
Azərbaycan prezidenti İlham Əliyev “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Azəerbaycan parlamenti 2019-cu il 22 oktyabr tarixində qeyd olunan Konvensiyaya qoşulmanı qəbul edib.
Konvensiya 2007-ci il oktyabrın 25-də Lansarotedə (Kanar adaları, İspaniya) imzalanıb. **
A.Əzizov