2020-ci ildə 105 min hektar sahədə pambıq əkiləcək. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib.
“2020-ci ildə 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur”, - deyə o, pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə bildirib.
Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, bu il 100 min hektarda pambıq əkilib. Beləliklə, 2020-ci ildə pambıq əkini sahələri 5% artacaq.
İ.Kərimov vurğulayıb ki, yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcək.
Onun sözlərinə görə, Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib.*
B.Rüstəmbəyov