2019-cu ildə “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq ixracından gəlirləri 70 milyon ABŞ dollarını keçəcək. Bu barədə şirkətin baş direktoru Rövşən Həsənov məlumat verib.
“Şirkətin 10 ayda ixrac gəlirləri 50,5 milyon ABŞ dolları olub və ilin sonunadək bu rəqəmin 70 milyon ABŞ dollarını keçəcəyi gözlənilir”, - deyə o, prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə bildirib.
Baş direktor qeyd edib ki, Bərdə, Beyləqan, Ağcabədi və İmişli pambıq emalı zavodları dövlətin verdiyi subsidiyadan yararlanaraq yenidən qurulub.
R.Həsənov əlavə edib ki, cari ildə 10 min fermerlə bağlanmış müqavilə əsasında 45 min 763 hektar sahədə pambıq əkilib, tədarük mövsümü ərzində kondisiya çəkidə ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib. Hər hektardan 31,9 sentner orta məhsuldarlıq əldə edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner artıqdır.
O qeyd edib ki, fermerlərdən 44 milyon manat məbləğində xam pambıq alınıb.
“MKT İstehsalat Kommersiya” MMC pambıq istehsalı və emalı ilə məşğul olur.*
B.Rüstəmbəyov