Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı (Aİ) Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda kiçik və orta müəssisələrə (KOM) dəstəyi genişləndirir. Bu barədə AYİB-in məlumatında deyilir.
“AYİB daha rəqabət qabiliyyətli olduğu regionlarda biznesin inkişafı üçün yerli maliyyə müəssisələrinə 250 milyon avrodan çox məbləğdə kredit xətləri təqdim edəcək”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, Aİ texniki yardım vasitəsilə bu investisiyaların dəstəklənməsi üçün 67,6 milyon avro qrant ayırır. Aİ, həmçinin yerli valyutada maliyyələşdirməni dəstəkləyir.
AYİB Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada aparıcı institusional investordur. Bu günə qədər AYİB 6 ölkədə 1,2 mindən çox layihəyə təxminən 27 milyard avro investisiya qoyub.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,43 milyard avro investisiya qoyulub. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,4 milyard avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov