Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya səfəri çərçivəsində Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.
Görüş zamanı Əliyev qeyd edib ki, cari il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur.
“Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın iqtisadi inkişaf naziri (Maksim Oreşkin) Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər (dekabrın 24-də - İF)”, - dövlət başçısının saytında Əliyevin sözlərindən sitat gətirilir.
Bundan əlavə, prezident Rusiyada yaşayan azərbaycanlıların həyat səviyyəsinin müsbət olduğunu qeyd edib. “Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir”, - prezident vurğulayıb.
O cümlədən, prezident qeyd edib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. “Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə