Səbail Rayon Məhkəməsində Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə yerli KİV-lər xəbər verir.
“Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə N.Quliyev və R.Tatarov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Səbail Rayon Məhkəməsində Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti N.Quliyev və R.Tatarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvətxorluqda şübhəli bilinərək saxlanılmaları barədə məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı digər məlumatda isə bildirilir ki, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinən Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da saxlanılıb.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prezident İlham Əliyev dekabr ayının 20-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.*
N.Abbasova