Dünya liderləri, MDB ölkələrinin rəhbərləri prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.
“Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm”, - deyə Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubunda bildirilir.
Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunda qeyd edilir: “Azərbaycan Sizin müdrik rəhbərliyinizlə uğurlu sosial-iqtisadi inkişaf yolu keçib. Bu gün ölkənin davamlı inkişafına, xalqın rifahının daha da yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirilir. Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Qazaxıstanda yüksək qiymətləndirirlər. Əminəm ki, münasibətlərimizdə etimada əsaslanan konstruktiv siyasi dialoq bundan sonra da Qazaxıstan-Azərbaycan əməkdaşlığının, ikitərəfli əlaqələrimizin bütün spektri üzrə dərinləşməsinə kömək edəcək”.
Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov isə ümidvar olduğunu bildirib ki, İ.Əliyevin dəstəyi ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. O, Əliyevi Qırğız Respublikasına səfərə dəvət edib.
Bolqarıstan Respublikasının prezidenti Rumen Radev isə təbrik məktubunda iki ölkə arasındakı strateji əməkdaşlığın xalqların rifahı naminə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib.*
N.Abbasova