Prezident İlham Əliyev 2019-cu ildə Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ciddi irəliləyişin olmadığını qeyd edir.
“2019-cu ildə danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb. Bunun da bir neçə səbəbi var. Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər”, – deyə o, dekabrın 23-də ölkənin 4 iri telekanalına ilin yekunları ilə bağlı verdiyi müsahibədə bildirib.
Dövlət başçısının fikrincə, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da danışıqlara mənfi təsir göstərib. “Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan danışıqlar formatını dəyişdirməklə danışıqları uzatmağa, yaxud da ki, öz məsuliyyətini boynundan atmağa çalışır.
İ.Əliyev əlavə edib ki, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsidir və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll olunmalıdır.*
A.Əzizov