Azərbaycan “Şərq tərəfdaşlığı” proqramından çıxmağı planlaşdırmır, ancaq proqramda da fəal iştirak etmək fikrində deyil. Bu sözləri prezident İlham Əliyev deyib.
“Biz “Şərq tərəfdaşlığı” proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. “Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Bu ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil”, - deyə İ.Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, proqramın iştirakçısı olan 6 ölkədən 3-ü Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. “Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik”, - deyə prezident əlavə edib.*
A.Əzizov