“TuranBank” ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “TuranBank”dan məlumat verilib.
“Əməkdaşlıq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi potensialının artırılmasına yönəlib. AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər “TuranBank” ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsinə, təşkilati strukturunun təkmilləşdirilməsinə və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasına imkan verəcək”, - deyə məlumatda bildirilir.
Bu tədbirlər “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində nəzərdə tutulub.
“İkitərəfli sazişə əsasən texniki yardım proqramının həyata keçirilməsi üçün işçi qrupu yaradılıb və müvafiq iş planı təsdiq edilib. Texniki yardım proqramının icrasına 2020-ci ilin yanvar ayından başlanılacaq və proqramın icrası bir il müddətində davam edəcək”, – deyə məlumatda qeyd olunur.
“ТuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları 29 hüquqi və fiziki şəxsdir.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,43 milyard avro investisiya qoyulub. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,4 milyard avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov