Bu gün Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində körpünün istifadəyə verilməsi mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Açılış mərasimində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Dağıstanın rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və başqaları iştirak ediblər.
Ş.Mustafayev çıxışında yeni körpünün böyük əhəmiyyətini qeyd edib. "Bu avtomobil körpüsü Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır", – deyə baş nazirin müavini bildirib. Onun sözlərinə görə, bu körpü xalqlar arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına kömək edəcək. "Körpü, həmçinin Şimal-Cənub layihəsinin vacib hissəsidir. Bundan başqa, Azərbaycan yeni Bakı-Rusiya sərhədi yolunun inşasını həyata keçirir və tikinti işləri yaxın vaxtlarda başa çatacaq", - deyə Ş.Mustafayev qeyd edib.
O, həmçinin deyib ki, cari ilin 11 ayı ərzində Şimal-Cənub marşrutu ilə yük axını 60%, Şərq-Qərb marşrutu ilə 53% artıb.
Öz növbəsində, M.Oreşkin qeyd edib ki, bu il Azərbaycanla ticarət dövriyyəsinin artım tempi 25% təşkil edir. "Heç bir ölkə ilə belə artım tempimiz yoxdur", - deyə o vurğulayıb.
Samur çayı üzərindən avtomobil yolunun tikintisi 2013-cü ilin avqust ayında Rusiya və Azərbaycan hökumətləri arasında imzalanmış sazişə uyğun həyata keçirilir.
Yeni körpü 1957-ci ildə inşa edilmiş körpünü əvəz edəcək.
Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək. Azərbaycan ərazisində tikinti işlərinin dəyəri 36,5 milyon manat (cari məzənnə ilə $21,5 milyon) təşkil edir.*
B.Rüstəmbəyov