“AccessBank”ın səhmdarları bankın 2020-2022-ci illər üzrə strateji inkişaf planını təsdiq ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Sənədə Müşahidə Şurasının 3-4 dekabr tarixlərində keçirilən iclasında baxılıb. Bundan sonra üçillik strateji inkişaf planı səhmdarların dekabrın 5-də baş tutan növbədənkənar yığıncağında təsdiqlənib”, - deyə məlumatda bildirilir.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.
““AccessBank”ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib. Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı, “AccessBank” 2020-ci ilin yekunları üzrə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük nikbinliklə baxırıq. Bank mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider mövqeyini qoruyur. Əhali tərəfindən “AccessBank”a göstərilən etimad yüksək olaraq qalır ki, geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas amillər olacaq”, – deyə o qeyd edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
Ə.Məmmədov