Prezident İlham Əliyev bu gün Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri ilə telefon danışıqları aparıb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Ərdoğan, Tokayev və Jeenbekov İ.Əliyevi ad günü münasibətilə təbrik ediblər, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıblar.
“Ərdoğan və Əliyev dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Tokayevlə söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.
“Jeenbekovla telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.
Prezident İ.Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev və Sooronbay Jeenbekova minnətdarlığını bildirib.*
X.Nəsirzadə