Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) dövlət sektorunda effektivliyin artırılması üçün $250 milyon məbləğində ikinci kreditə dair saziş imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Kredit sazişi dekabrın 16-da maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov tərəfindən imzalanıb”, - deyə məlumatda bildirilir.
Kredit vəsaitlərinin Azərbaycan hökumətinin hesabına 2019-cu ilin sonunadək köçürüləcəyi gözlənilir.
Kredit 3 ili güzəştli olmaqla 15 il müddətinə və LIBOR+0,5% dərəcəsi ilə ayrılıb.
Xəbər verildiyi kimi, 2019-cu il noyabrın 28-də AİB-in Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üçün Azərbaycana $250 milyon məbləğində ikinci kreditin ayrılmasını təsdiq edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,1 milyard məbləğində kredit və qrant ayırıb.*
A.Əzizov