Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Formula 1 yarışlarının Bakıda keçirilməsinin böyük faydası var.
“Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir”, - prezident çərşənbə günü 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
Prezidentin sözlərinə görə, əgər kimsə deyirsə, bu, ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir.
“Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var”, - Əliyev bildirib.
Onun sözlərinə görə, Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlayıb.
“Birinci yarış keçiriləndən sonra turistlərin sayı 24% artmışdır. Ondan sonrakı il daha 22%, ondan sonrakı il isə daha 5%. Nəhayət, bu il, artıq on bir ayda 11% artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə”, - prezident deyib.
Əliyev qeyd edib ki, iş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır.
“İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov