Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və yerli “Technofusion IT” şirkəti blokçeyn texnologiyası əsasında ölkə idmançılarının vahid reyestrini 2020-ci ilin aprel ayında istifadəyə verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMADA-nın direktoru Şəfəq Hüseynli məlumat verib.
“Biz 2020-ci ilin aprel ayında bu sistemi tətbiq etməyi planlaşdırırıq. Bundan başqa, məlumat bazamızı blokçeyn texnologiyası əsasında quracağıq. Həmçinin atletlərin qeydiyyatı üçün bölmənin yaradılması da nəzərdə tutulur”, - deyə o bildirib.
Direktorun sözlərinə görə, idman federasiyalarının və Gənclər və İdman Nazirliyinin bu reyestrə çıxışı olacaq. “Biz nə üçün blokçeyn texnologiyasından istifadə etmək qərarına gəldik? Çünki orada (sistemdə - İF) heç nəyi silmək mümkün deyil, sistemə daxil edilən istənilən məlumat orada qalacaq, hətta sonradan onu dəyişdirmək istəsələr də, bu, sistemdə əks olunacaq, - deyə Ş.Hüseynli qeyd edib.
Bununla yanaşı, o deyib ki, gələn il yeni təhsil sisteminin tətbiqi planlaşdırılır. “Biz Athlet advisory commission yaratmışıq və 2018-ci ilin sonundan etibarən atletlərimizi cəlb etməyə başlamışıq. Komissiyada 12 yer nəzərdə tutulub, 2 yer könüllüdür, qalan 10 yer isə 10 federasiya və Milli Olimpiya Komitəsinin nümayəndələri arasında püşkatma yolu ilə seçiləcək. Daha sonra rotasiya prinsipi tətbiq ediləcək və digər federasiyalar da iştirak edə biləcəklər”, - deyə direktor vurğulayıb.
Onun sözlərinə görə, komissiya üzvləri ildə 4 görüş keçirəcək və bunun əsasında AMADA-ya təhsil sahəsində gələcək işlərlə bağlı hesabat hazırlayacaqlar. Cari il ərzində agentlik 100-dən çox maarifləndirici tədbir, o cümlədən 884 idmançının iştirakı ilə 30 seminar keçirib.
Yeni təhsil proqramına gəlincə, Ş.Hüseynli qeyd edib ki, bu proqram bütün idmançılar üçün nəzərdə tutulub.
O əlavə edib ki, AMADA gələn ildən daha iki federasiyada - Poverliftinq və Kikboksinq federasiyalarında dopinq-testlərin aparılmasına başlayacaq.*
X.Nəsirzadə