Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 20 partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında qeyd edib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün sənəd vermiş 20 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınıb.
“Seçkilərdə iştirak etmək üçün indiyə qədər 1329 nəfər müraciət edib. Namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1,056 min nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 1,042 min nəfər qeydiyyata alınıb. Onlardan 829 nəfəri imza vərəqələrini artıq götürüb”, - deyə o bildirib.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat fevralın 8-də dayandırılacaq.*
X.Nəsirzadə