Azərbaycan Beynəlxalq Bankı (ABB) SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından olan SWIFT gpi sisteminə qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABB-dən məlumat verilib.
“Bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir”, - deyə məlumatda bildirilir.
Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib.
“Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər”, - deyə o qeyd edib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir.*
Ə.Məmmədov