Prezident İlham Əliyev Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı verib.
“Hörmətli cənab Prezident, Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker-100” markalı təyyarə cümə günü səhər saatlarında Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
Almatıdan Nur-Sultan istiqamətində uçan təyyarə beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub. Təyyarədə 93 sərnişin və 5 ekipaj üzvü olub. Son məlumatlara görə, 15 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.*
X.Nəsirzadə