Dövlət Sərhəd Xidməti (DSX) 20-23 dekabr tarixlərində qaçaqmalçılar tərəfindən 37,765 kq narkotik vasitənin, o cümlədən 10,065 kq heroinin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən keçirilməsinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DSX-dən məlumat verilib.
Dekabrın 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”, 6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həb)aşkar olunaraq götürülüb.
“Əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər Biləsuvar rayon sakini şübhəli şəxs qismində saxlanılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, dekabrın 23-də Astara rayonu istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə hadisə yerində 4,065 kq heroin və 20,7 kq tiryək aşkar olunaraq götürülüb.*
Ə.Məmmədov