Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) 846 məcburi köçkün ailəsi üçün Bakı qəsəbələrində zəruri sosial-texniki infrastrukturu olan yaşayış evlərinin tikintisinə təxminən 60 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Bakı Abadlıq Xidməti» MMC ilə ümumi dəyəri 59 milyon 455,78 min manat olan iki müqavilə imzalanıb.
Birinci müqavilə 576 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 54 mənzilli 4 və 9 mərtəbəli 45 mənzilli 8 yaşayış binası, inzibati bina və 100 yerlik uşaq bağçasının tikintisini, o cümlədən də abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Tikinti işləri Sabunçu rayonunun Maştağa qəsəbəsində həyata keçiriləcək. Müqavilənin dəyəri 38 milyon 934,598 min manatdır.
İkinci müqavilə 270 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 45 mənzilli 6 yaşayış binası və 100 yerlik uşaq bağçasının tikintisini, eləcə də abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Tikinti işləri Suraxanı rayonunun Hövsan qəsəbəsində həyata keçiriləcək. Müqavilənin dəyəri 20 milyon 521,182 min manatdır.*
B.Rüstəmbəyov