Azərbaycan 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ən azı 50 lisenziya qazanmağı ümid edir. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
“Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. İşlər plana uyğun davam edir. İndiyədək 16 idmançımız 6 idman növündə lisenziya əldə edib: yüngül atletika, atıcılıq, üzgüçülük, güləş, velosiped idmanı və gimnastika. Velosiped idmanı və gimnastikaya gəlincə, sevinirik ki, bu idman növlərində idmançılarımız Azərbaycanı ilk dəfə təmsil edəcəklər. Ümumilikdə, ən azı 50 lisenziya qazanacağımızı gözləyirik”, - Rəhimov “İnterfaks-Azərbaycan”a bildirib.
2016-cı ildə Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 14 idman növündə 56 idmançı ilə təmsil olunub.
2016-cı ildə Azərbaycan idmançıları 18 medal qazanıblar: bir qızıl, 7 gümüş və 10 bürünc. Nəticədə, yığma komanda qızıl medalların sayına görə qeyri-rəsmi ümumi komanda hesabında 39-cü yerdə qərarlaşıb; mükafatların sayına gərə Yeni Zelandiya ilə 14-15-ci yerləri bölüşüb.
Yay Olimpiya Oyunları 2020-ci ilin iyul-avqust aylarında Tokioda keçiriləcək. **
X.Nəsirzadə