Azərbaycanın “Buta Airways” aviaşirkəti 2020-ci ilin may ayının sonundan etibarən Bakı-Əmman marşrutu ilə uçuşlar həyata keçirəcək. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov dekabrın 26-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşdə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması məsələsini müzakirə edib. Tərəflər bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər”, - deyə məlumatda bildirilir.
Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.
Danışıqlar zamanı Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin qurulması iki ölkə arasında turizmin və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.
Səfir yeni reysin hər iki ölkə vətəndaşları arasında böyük marağa səbəb olacağına inandığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə İordaniyanın ən böyük turizm şirkətləri ilə danışıqlar aparılacaq və həmin şirkətlərin nümayəndələri Bakıya işgüzar səfər edəcəklər.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.*
N.Abbasova