Azərbaycanın vergi orqanları differensial ƏDV-nin tətbiqinə dair ciddi müzakirələri davam etdirirlər. Bunu vVergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Dünyanın bir çox ölkələrində bu cür təcrübə tətbiq olunur, biz bunun Azərbaycanda tətbiqini zəruri hesab edirik”, - Ələkbərov “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, differensial ƏDV-nin tətbiqini çətinləşdirən amil vergi ödəyicilərinin düzgün uçotunun olmamasıdır.
“Hətta biz differensial ƏDV-ni tətbiq etmək istədiyimiz sahələri seçdik, lakin düzgün uçotn olmaması böyük pozuntular və problemlərə səbəb ola bilərdi. Bu səbəbdən, biz ilk növbədə uçotu təmin etməliyik, yalnız bundan sonra differensial ƏDV-nin tətbiqi barədə düşünməliyik”, - Ələkbərov əlavə edib.
Nazir müavini bildirib ki, bu məsələ fəal müzakirə olunur və yaxın zamanda öz həllini tapa bilər.
Hazırda Azərbaycanda 18% dərəcə ilə ƏDV tətbiq olunur.
Son illər bir sıra ekspertlər Azərbaycanda differensial ƏDV-nin tətbiqini məqsədəuyğun olması barədə rəylərini ifadə ediblər. O cümlədən, Hesablama Palatası differensial ƏDV-nin tətbiqini məqsədəuyğun hesab edir. Palatanın qiymətləndirmələrinə görə, bu cür differensial ƏDV qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, daxili istehsalın inkişafının stimullaşdırllması, idxaldan asılılığın minimuma qədər azaldılması, istehlakın daimi stimullaşdırılması tədbiridir. **
Ə.Məmmədov