Azərbaycan Dövlət Neft Fondu (ARDNF) təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1,6 mindən çox ən iri şirkətində səhmdardır.
“Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri səmərəli yerləşdirməkdir. Hazırda fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Hal-hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətində səhmdardır”, - deyə ARDNF-in yaradılmasının 20 illiyi münasibətilə fondun yaydığı məlumatda bildirilir.
ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova