2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ortaçəkili həcmi 71,2 milyard manat təşkil edəcək. Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi sənədlərdə qeyd olunur.
Fondun 2019-cu il üçün investisiya portfelinin ortaçəkili həcmi 67,4 milyard manat məbləğində təsdiqlənmişdi.
2020-ci ildə ARDNF əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi; daşınmaz əmlak portfeli –investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri; qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri.
Dövlət Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır.
Proqrama əsasən, xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov