Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində 300 mindən artıq vətəndaş kreditlərinin restrukturizasiyasına aid edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
“Fərman çərçivəsində vətəndaşlara 644.5 mln. manat kompensasiya ödənilib. 123.1 min borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 ilə) restrukturizasiya edilib”, - AMB-dən bildirilib.
Tənzimləyici qeyd edir ki, fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olub, 42 min borcalanın kreditləri tam bağlanıb.
“Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərib. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalıb. Bununla belə problemli kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən biridir”, - AMB-dən bəyan edilib.
Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulur. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilib:
2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).
Fərmanda vurğulanır ki, edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.
Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. **
Ə.Məmmədov