Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə sığorta şirkətlərində səyyar yoxlamalar həyata keçirməyi planlaşdırır. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
2019-cu il noyabrın ayının sonunda AMB bütün maliyyə sektoru, o cümlədən sığorta sektoru üzərində tənzimlənmə tədbirlərinin həyata keçirilməsi səlahiyyəti əldə edib.
“2020-ci ildə sığorta sektorunda effektiv tənzimləmə və nəzarəti təmin etmək, icbari və könüllü sığorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi Mərkəzi Bankın vacib prioritetlərindən olacaq”, - bəyanatda deyilir.
Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sığorta yığımlarının artırılması, yeni sığorta alətlərinin tətbiqi, sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sığortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sığortadan istifadəsinin təşviqi, sığorta sistemində neqativ halların qarşısının alınması ilə sektora edimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcək
“Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sığorta fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi işləri görüləcək. Sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sığortaçılarda səyyar yoxlamaların həyata keçirilməsi də planlaşdırılır”, - bəyanatda bildirilir.
Vurğulanır ki, gələn il yeni institusional əsaslarda kənd təsərrüfatı sığortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq.
Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir. **
A.Əzizov