Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanı var, Azərbaycan danışıqları davam etdirəcək. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı. İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır”, - deyə o, yerli mətbuata müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir.
“Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir”, - deyə E.Məmmədyarov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan danışıqları ona görə aparır ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa etsin, respublikanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunsun. “Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək”, - deyə XİN başçısı əlavə edib.
E.Məmmədyarov qeyd edib ki, bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır.*
A.Əzizov