Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almağa ümid edir, bu, əməkdaşlığı genişləndirməyə imkan verəcək. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatı Asiya regionunda önəmli regional təşkilatlardan biri hesab edilir və onun əsas məqsədlərindən biri regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsidir. Ölkəmizin ŞƏT ilə münasibətlərinə gəldikdə isə qeyd edilməlidir ki, artıq 9-10 iyul 2015-ci il tarixində ŞƏT-in Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-də dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilmişdir”, - deyə o, yerli mətbuata müsahibəsi zamanı “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq istiqamətləri sırasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə və regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri yer alır. Bununla yanaşı, Azərbaycanın trans-regional multimodal nəqliyyat qovşağı kimi təşviqi çərçivəsində ŞƏT daxilində mühüm yer tutan iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq həmin təşkilatla qarşılıqlı fəaliyyət istiqaməti kimi müəyyən olunmuşdur.
“ŞƏT çərçivəsində növbəti əməkdaşlıq pilləsi isə müşahidəçi statusudur və artıq ölkəmiz 2018-ci ildə bu statusun əldə edilməsi məqsədilə rəsmi şəkildə təşkilata müraciət etmişdir. Hazırda bu məsələyə ŞƏT daxilində baxılır və hesab edirik ki, ŞƏT ilə Azərbaycan Respublikası arasında mövcud fəal əməkdaşlıq sözügedən müşahidəçi statusunun verilməsindən sonra daha da inkişaf edəcək”, - deyə E.Məmmədyarov vurğulayıb.*
A.Əzizov